Yeni London kebinin sirri açıldı
Çinin Geely şirkətinə məxsus London Taxi Corporation şirkəti Londonda taksi kimi istifadə ediləcək yeni avtomobil təqdim edib. TX adlı yenilik ənənəvi kebləri əvəzləyəcək. Bu barədə Auto Express məlumat verib. Avtomobillər Koventri şəhərindəki zavodda yığılacaq.
Londonun taksi şirkətləri cari ilin avqustundan bu avtomobillərdən sifariş edə biləcəklər. İlk avtomobillər Böyük Britaniyanın paytaxt küçələrində 2017-ci ilin oktyabrında peyda olacaqlar. Model, həmçinin digər ölkələrə də satılacaq. London Taxi Corporation şirkətinin baş direktoru Kris Kubbeyin sözlərinə görə, artıq hollandlar 225 ədəd TX sifariş ediblər.
TX 1958-ci ildən Londonda taksi kimi istifadə edilən klassik keb Austin FX4-ün hibrid versiyasıdır. Avtomobilin dizaynı Geely-nin Barselonadakı dizayn-studiyası tərəfindən hazırlanıb. Avtomobil panorama dam və diodlu optika alıb. Salonda rəqəmsal cihazlar paneli quraşdırılıb.
Avtomobil hibrid güc qurğusu ilə hərəkətə gətirilir. Ona 1,3-litrlik, 3-silindrli benzin Volvo mühərriki daxildir. Avtomobil tam enerji ilə dolduqda 110 km məsafə qət edə bilər. Hibrid güc qurğusu taksilərin yeni tələblərinə tam uyğun olacaq. Bu tələblər 3 ildən sonra Böyük Britaniyada qüvvəyə minəcək.




